Başqa xalqları deyə bilmərəm, amma Azərbaycan xalqının yaddaşında bu adam ən yaramaz avropalılardan biri kimi qalacaq.
Dünya siyasi tarixində isə onu daha çox Avropanı "bağ" adlandırması, dünyanın qalan hissəsini isə cəngəlliklə müqayisə etməsi ilə xatırlayacaqlar.
Söhbət Avropa qitəsinin baş diplomatından - Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borreldən gedir.
Bu gün onun bu vəzifədə sonuncu günü sayılır. O, bu gün səlahiyyətlərini eston siyasətçi və diplomat, Estoniyanın sabiq baş naziri, xanım Kaya Kallasa təhvil verir.
İxtisasca mühasib və mühəndis olan Borrelin dırnaqarası "diplomat"lığı ötən dörd il ərzində Avropa Birliyinə yaxşı heçnə qazandırmadı.
Reallıq hissini itirən birləşmiş Avropanın siyasi elitası ispan əsilli bu mühasibi özlərinə baş diplomat seçməklə əslində tarixin ən böyük səhvlərindən birinə imza atmışdı.
Borrel həm irqçi, həm də separatçı idi. Katalonların və baskların İspaniyadakı separatçılığına yaxşı bələd olan bu mühasib-"diplomat" Cənubi Qafqazda erməni separatçılığını dəstəkləməklə milyonlarla azərbaycanlının lənətini qazandı.
Hər fürsətdə ermənilərə "vəkil"lik edən bu irqçi sosialist Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə ali nümayəndəsi vəzifəsini yerinə yetirdiyi müddət ərzində bir dəfə də olsun Ermənistanın işğalçı siyasətinin qurbanı olmuş azərbaycanlıların taleyi ilə maraqlanmadı. Qatı islamofob və türkəfob olan C.Borrelin Azərbaycana qarşı rəğbətlə yanaşması mümkün deyildi. O, faktiki olaraq Emmanuel Makronun sadiq nökərinə çevrilmişdi.
Biz təəssüf edirik ki, müasir Avropanı bu cür böyük simasızlar təmsil edir. Onlar "bağ" və "cəhənnəm" memarlarıdır. Və nə qədər paradoksal görünsə də, bu gün dünyanın təhlükəsizlik arxitekturasını da məhz onlar cızırlar.
Makronların, borrellərin, fon der-lyayenlərin ucbatından birazdan Avropa yenidən irqçiliyin, nasizmin, faşizmin baş qaldırdığı cəngəlliyə çevriləcək. İki dəfə dünya müharibələrinin məhz Avropadan başlanması təsadüfi deyil ki...
Kaya Kallas Avropa İttifaqının Borreldən miras qalmış qüsurlu xarici siyasət və qonşuluq münasibətlərini dəyişə biləcəkmi, təəssüf ki, bu da sual altındadır.
Bəybala Mirzəyev