Putin son illərdə gerçəkdən səbrli olmağı öyrənib. O, artıq neçə ildir ki, Paşinyanın şıltaqlıqlarına, saymazlıqlarına, qıcıqlandırıcı çıxışlarına və Qərbyönümlü siyasətinə dözür.
Paşinyan da öz növbəsində o qədər də dərin siyasi təcrübəsi olmasa da, lakin Putinin "damar"ını yaxşı tapıb, Rusiya liderinin əsəbləri ilə oynamağa davam edir. Ermənistanın Astanada keçirilən KTMT tədbirlərində iştirakdan imtina etməsi
də heç şübhəsiz ki, Putinin əsəblərinə təsirsiz ötüşməyəcək.
Bunu Vladimir Putinin KTMT-nin Astana tədbirləri çərçivəsində keçirilən mətbuat konfransındakı ovqatından və açıqlamalarından da görmək mümkündür.
Sözügedən konfransda, "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağda İrəvan uğrunda döyüşə bilməzdi, çünki Ermənistana qarşı heç bir xarici təcavüz olmamışdı",- bəyanatı ilə çıxış edən Rusiya lideri, eyni zamanda, Ermənistanın KTMT üzvü kimi yenidən tam fəaliyyət kursuna geri dönəcəyini güman etdiyini də bildirib.
“Ermənistanın KTMT-yə tamhüquqlu şəkildə qayıtması ehtimalı hələ də var. İrəvan təşkilatın bütün sənədlərini dəstəkləyir. Həmçinin KTMT-dən çıxdığını da elan etməyib”,– deyə Rusiya prezidenti vurğulayıb.
Beləliklə, Kreml rəhbəri hesab edir ki, Ermənistanın KTMT-na hazırkı neqativ münasibətini daxili siyasi problemlər və Qarabağ mövzusu diktə edir.
Bəs, Putinin bu yanaşması nə dərəcədə doğrudur?
Rusiya prezidentinin bu fikrində sözsüz ki, müəyyən qədər həqiqət payı vardır. Lakin daha dəqiq desək, Ermənistanın baş naziri Nikol Paşinyan "Qarabağ kartı"ndan sadəcə Rusiyadan uzaqlaşmaq üçün bəhanə kimi, istinad yeri kimi sui-istifadə edir. Axı Paşinyan anti-Rusiya kursunu və Qərbyönümlü siyasətə keçidi nəyləsə əsaslandırmalıdır. Bu kontekstdə Qarabağ bəhanəsi, necə deyərlər, onun dadına çatır, işinə yarayır.
Beləliklə, Paşinyan hələ aylar öncə (2024-cü ilin fevralında) Ermənistanın KTMT daxilində fəaliyyətini de-fakto dayandırdığını elan edib və bunun yaxın gələcəkdə de-yure ola biləcəyini də istisna etməyib.
Paşinyandan sonra, Ermənistanın digər rəsmi şəxsləri də dəfələrlə KTMT ilə bağlı tənqidi fikirlər səsləndiriblər.
Bunun nəticəsidir ki, Ermənistan artıq xeyli vaxtdır ki, sözügedən alyansın tədbir və hərbi təlimlərinə qatılmır. Və buna səbəb kimi də bir qayda olaraq həmişə məhz İkinci Qarabağ müharibəsi zamanı KTMT üzvlərinin İrəvanın yardım istəyinə cavab verməməsi göstərilir.
Ermənistan rəhbərliyi bu tezisi əlində bayraq kimi tutub və yeri gəldi-gəlmədi eyni tezisi hər dəfə tutuquşu kimi təkrarlayır.
Ancaq əsl həqiqətdə isə Ermənistan tərəfinin KTMT-dan uzaqlaşmaq kursunun Qarabağ mövzusu ilə heç bir əlaqəsi yoxdur. Bu mənada Ermənistan rəhbərliyi saxtakarlıq edir. Çünki Ermənistanın KTMT-dan çıxmaq cəhdləri onun Qərbə yaxınlaşmaq kursu ilə bağlıdır.
Daha doğrusu, Ermənistanın hazırkı anti-Rusiya siyasətinin və KTMT-nı tərk etmək planlarının arxasında ilk növbədə məhz Fransa dayanır. Ermənistanın KTMT-dan çıxması və NATO ilə, Aİ ilə əməkdaşlığı genişləndirməsi Fransanın maraqlarına uyğundur. Bu, Fransa üçün Cənubi Qafqazda mövqelərini gücləndirmək baxımından əlverişlidir. Azərbaycanla faktiki olaraq düşmən münasibəti yaradan və Gürcüstandan da əli üzülən Makron Fransası hazırda məhz Ermənistandan plasdarm kimi istifadə etməklə bölgəmizdə nüfuz sahibi olmağa çalışır.
Ermənistan rəhbərliyi də öz növbəsində, yaranmış situasiyadan istifadə edib ikili oyun oynayır, həm KTMT-nın sıralarında qalmağa davam edir, həm də Fransa və müttəfiqləri ilə hərbi-texniki inteqrasiyanı gün-gündən daha da dərinləşdirir.
Putin isə bütün bu prosesləri sadəcə seyrçi kimi kənardan müşahidə etməyə və İrəvanın nə vaxtsa yenidən Moskvaya doğru istiqamət götürəcəyi "X" gününü gözləməyə məcburdur. Çünki Rusiya liderinin hazırda Ermənistana qarşı sərt təzyiq rıçaqları və imkanları yoxdur. Ukraynaya qarşı uğursuz müharibə nəhəng Rusiyanı bir sıra ölkələrlə yanaşı, cırtdan Ermənistandan da asılı vəziyyətə salıb.
Rusiya məhz Ermənistan vasitəsilə Qərbin sanksiyalarından yayınaraq gizli xarici ticarət dövriyyəsini gün-gündən genişləndirir. Belə bir vəziyyətdə Rusiyanın Ermənistanın üzərinə gəlməsi və onu KTMT ilə şantaj etməsi əlbəttə ki, məntiqsiz olardı. Ona görə də fürsətcil Putin hələ ki Ermənistanın bütün ərkəsöyünlüklərinə səbrlə dözür və ehtiyatlı davranır. Başqa sözlə desək, əlverişli məqam gözləyir.
Ukraynada savaş davam etdikcə və Makron hakimiyyətdə qaldıqca, Rusiya və Ermənistanın KTMT üzərindən "siçan-pişik" oyunu da hələ bir müddət davam edəcək. Yeri gəlmişkən, nə qədər paradoksal görünsə də, indiki halda bu vəziyyət hər iki tərəfə - həm Moskvaya, həm də İrəvana sərf edir.
Bəybala Mirzəyev